26 848

verilmiş ipoteka kreditlərinin sayı

1 324 736 210

Verilmiş ipoteka kreditləri üzrə məbləğ

38 799 000

zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği

06.12.2018

Ölkədə ipoteka kreditlərinin verilməsi geniş vüsət alır

Məlum olduğu kimi, əhalinin yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alıcılıq qabiliyyətli real tələbə uyğunlaşmasını təmin etmək və ipoteka kreditləşməsinə yerli və xarici investorları cəlb etmək məqsədi  ilə 2006-cı ildən etibarən ölkədə ipoteka kreditləri sistemi formalaşdırılıb, bu sahədə dövlət siyasətini həyata keçirən Azərbaycan İpoteka Fondu (Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu) yaradılıb. Fəaliyyətə başladığı 2006-cı ildən etibarən əhalinin mənzil təminatı sahəsində dövlətin yürütdüyü sosial siyasətin həyata keçirilməsində Fondun mühüm rolu olub. Belə ki, qeyd olunan müddət ərzində Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 1,2 mlrd. manata, ipoteka krediti hesabına mənzil şəraitini yaxşılaşdıran ailələrin sayı isə 25000-ə çatıb.

Ötən dövr ərzində ipoteka kreditləşməsi böyük bir inkişaf yolu keçib, əhalinin ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə ipoteka kreditlərinin şərtlərinin daim əhalinin ehtiyaclarına uyğun olaraq təkmilləşdirilməsi həyata keçirilib. Xüsusilə, son illərdə ipoteka kreditləri sistemində əsaslı yeniliklər baş verib. Şəxsi yığımları qənaətbəxş səviyyədə olmayan vətəndaşların mənzil təminatının yaxşılaşdırılması məqsədilə ipoteka kreditləri üzrə zəmanət mexanizminin tətbiqinə başlanılıb, güzəştli ipoteka krediti almaq hüququ olan şəxslərin dairəsi genişləndirilib. İpoteka kreditləşməsinin effektivliyinin və əhalinin ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə ipoteka kreditləri üzrə maksimal məbləğ 150 000 manatadək, güzəştli ipoteka kreditləri üzrə maksimal məbləğ isə 100 000 manatadək artırılıb.

İpoteka krediti sahəsində borcalanların qiymətləndirilməsi prosesinin sadələşdirilməsi məqsədilə ilkin ödənişin məbləği yaşayış sahəsinin qiymətinin 40 faizindən çox olduğu hallarda ipoteka krediti üzrə aylıq ödəniş məbləğinin aylıq məcmu gəlirə nisbətinə dair tələb aradan qaldırılıb. İqtisadi və hüquqi şəraitin dəyişməsi ilə əlaqədar ödəniş qabiliyyəti pisləşən borcalanların hüquqlarının müdafiəsi üçün ipoteka kreditlərinin restrukturizasiya mexanizmi yaradılıb.

İpoteka kreditlərinin verilməsi prosesləri, o cümlədən əhalidən kredit üzrə birbaşa elektron müraciətlərin qəbulu, habelə müvəkkil banklar tərəfindən verilmiş ipoteka kreditlərinin rəsmiləşdirilməsi və yenidən maliyyələşdirilməsi prosesləri tam avtomatlaşdırılıb. Elektron sistemlər müvəkkil banklar tərəfindən əhaliyə ipoteka kreditlərinin verilməsi mərhələlərinin izlənməsinə, bütövlükdə ipoteka kreditləşməsi prosesinin şəffaflığının daha da yüksəlməsinə şərait yaradıb. Eyni zamanda, əhalinin ipoteka kreditləri üzrə öz ödənişlərini müxtəlif ödəniş vasitələrindən istifadə etməklə elektron qaydada aparması imkanı yaradılıb.

Görülmüş tədbirlər nəticəsində cari ildə ipoteka kreditlərinin verilmə prosesi sürətlənib, 30.11.2018-ci il tarixinədək müvəkkil banklar tərəfindən 241,7 mln manat həcmində 3.528 (adi kreditlər – 2.428 kredit üzrə 172,46 mln. manat, güzəştli kreditlər – 1.100 kredit üzrə 69,24 mln.manat) ipoteka krediti verilib. Ötən ilin analoji dövrü ilə müqayisədə verilən kreditlərin həcmi 69 mln.manat və ya 40% artıb. Belə ki, ötən ilin anoloji dövründə 172,7 mln. manat həcmində 2.687 kredit rəsmiləşdirilib.

Cari ildə ipoteka kreditləri vasitəsilə Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin satışının dəstəklənməsi də həyata keçirilib. Belə ki, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na müvafiq olaraq 10.09.2018-ci il tarixindən etibarən Agentliyin sərəncamında olan mənzillərin güzəştli ipoteka kreditləri vasitəsilə maliyyələşdirilməsinə başlanılıb. 30.11.2018-ci il tarixinə artıq 217 şəxsə MİDA-nın sərəncamında olan güzəştli mənzillərin alınması üçün 9,6 mln.manat məbləğində güzəştli, 13 şəxsə isə 450 min manat məbləğində isə adi ipoteka kreditləri verilib.

Qeyd edək ki, Fond tərəfindən ipoteka kreditlərindən faydalana biləcək şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə yeni ipoteka məhsullarının tətbiqi sahəsində hazırda müvafiq beynəlxalq təcrübənin öyrənilməsi və aidiyyəti tədbirlərin görülməsi davam etdirilir.