26 641

verilmiş ipoteka kreditlərinin sayı

1 310 448 300

Verilmiş ipoteka kreditləri üzrə məbləğ

29 124 000

zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği

Strateji istiqamətlər

Son illər ölkədəki yüksək iqtisadi inkişaf dinamikası, maliyyə sisteminin sürətlə böyüməsi, müxtəlif sahələrdəki texniki-tərəqqi Fond qarşısında son yeniliklərə uyğunlaşmaq vəzifəsi yaradıb. Bununla əlaqədar Fond tərəfindən aşağıdakı sahələrdə yeni prioritet istiqamətlər müəyyən edilib:

 

Ø  "Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi"ndə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması  Azərbaycan vətəndaşlarının yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi, xüsusilə azgəlirli ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-tikinti sektorunda rəqabət mühitinin gücləndirilməsi, mənzil-tikinti sektorunda inkişaf dinamikasının sürətləndirilməsi məqsədilə Strateji Yol xəritəsində qarşıya qoyulmuş hədəflərin icrası Fond üçün zəruri əhəmiyyətə malikdir.



Ø   Mövcud ipoteka məhsulları üzrə şərtlərin optimallaşdırılması və yeni ipoteka məhsullarının tətbiqi – İpoteka kreditləri üzrə mövcud şərtlərin təkmilləşdirilməsi və mövcud iqtisadi reallıqlara uyğunlaşdırılması Fond üçün mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, son dövrlər əhalinin ipoteka kreditləşməsinə marağının artması, yaşayış sahəsinə tələbin yüksəlməsi, ödəniş qabiliyyətli müştəri bazasının artması əhalinin mənzil təminatının yaxşılaşdırılması məqsədilə yeni ipoteka məhsullarının  tətbiqini prioritet məqsədə çevirib.



Ø   Kredit zəmanət mexanizminin formalaşdırılması və inkişafı –  Son illər ölkədə məşğulluğun və qeyri-neft sektorunun hərtərəfli inkişafının təmin edilməsində sahibkarların rolunun yüksəldilməsi üçün mövcud istehsal və xidmət sahələrini müasirləşdirmək, genişləndirmək və səmərəliliyini artırmaq əsas məqsədlərdən biridir. Bütün bunlar, öz növbəsində, kredit resurslarına ehtiyacı olan kiçik və orta sahibkarların dövlət dəstəyi ilə daha geniş əhatə olunmasını zəruri edir. Xüsusilə, investisiya layihələrində risklərin tərəflər arasında bölüşdürülməsi, girov təminatı tələbinin alternativ vasitələrlə əvəz edilməsi və beləliklə, sahibkarların maliyyə resurslarına çıxışının yaxşılaşdırılması xüsusi aktuallıq kəsb edir. Qeyd olunanlarla əlaqədar ölkədə sahibkarlığın dəstəklənməsi baxımından adekvat kredit zəmanət sisteminin formalaşdırılması və  inkişaf etdirilməsi yaxın illərdə Fondun qarşısında duran prioritet istiqamətlərdəndir.



Ø  Fondun fəaliyyətində avtomatlaşdırmanın tətbiqi  hazırda ölkədə xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə dövlət və qeyri-dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin elektronlaşdırılması strateji hədəf kimi müəyyən edilib. Bu məqsədlə Fond ipoteka krediti və kredit zəmanəti almaq istəyən şəxslər üçün bərabər şəraitin yaradılması, müraciətlərə baxılması zamanı operativliyin və şəffaflığın təmin edilməsi, göstərilən xidmətlərin səmərəliliyinin və keyfiyyətinin artırılması, sərf olunan vaxta və xərclərə qənaət məqsədilə gələcəkdə bu sahədə maksimal avtomatlaşdırılmanın tətbiqi və mütəmadi təkmilləşdiriməsini daim diqqətdə saxlayacaq.



Ø  İnstitusional idarəetmənin müasir praktikaya uyğunlaşdırılması  Fondun təşkilati yetkinliyə görə qabaqcıl maliyyə institutlarına çatması üçün bir sıra institusional idarəetmə sistemlərinin ən müasir səviyyəyə çatdırılması tələb olunur. Buraya əsasən daxili korporativ mühitin inkişafı, fəaliyyətin idarə olunması, habelə insan resurslarının, daxili dəstəkləyici xidmətlərin və risklərin idarə olunması sistemləri aiddir.



İnsan kapitalının inkişafı – insan kapitalı Fondun missiyasının uğurla yerinə yetirilməsinin əsaslarından birini təşkil edir və bu səbəbdən institusional inkişafın təməlində dayanır. Fondun fəaliyyəti əsasən ölkənin maliyyə-bank sistemi ilə əlaqəli olduğu üçün kadr potensialının bu sahədə mövcud standartlara uyğunlaşdırılması mühüm prioritetlərdəndir. Fond tərəfindən insan kapitalının inkişafını reallaşdıran və motivasiya edən təhsil, mükafatlandırma, karyera qurma və digər sistemlərin müasir təcrübələrə uyğun olaraq təkmilləşdirilməsi vacib şərtlərdəndir.