26 795

verilmiş ipoteka kreditlərinin sayı

1 321 967 220

Verilmiş ipoteka kreditləri üzrə məbləğ

31 099 000

zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği

Fond haqqında

Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatını ödəmək, yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirilmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alıcılıq qabiliyyətli real tələbə uyğunlaşmasını təmin etmək və ipoteka kreditləşməsinə yerli və xarici investorları cəlb etmək məqsədi ilə "Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 299 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu yaradılıb.


Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanına əsasən, Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Azərbaycan İpoteka Fondu" ASC yaradılıb və Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə Cəmiyyətin Nizamnaməsi təsdiq edilib. 


Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə "Azərbaycan İpoteka Fondu" ASC-nin və "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu" ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu" qeyri-kommersiya hüquqi şəxsi yaradılıb.


Fondun idarəetmə orqanları aşağıdakılardır:


Himayəçilik Şurası 

Himayəçilik Şurasının 5 üzvü vardır. Şuranın üzvlərini Azərbaycan Respublikası Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Şura Fonda ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.


İdarə Heyəti 

İdarə Heyəti Fondun fəaliyyətinə cari rəhbərliyi həyata keçirir. İdarə Heyəti 3 üzvdən – Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədri və onun iki müavinindən ibarətdir.

  

Fond Nizamnaməsinə əsasən aşağıdakı vəzifələri yerinə yetirir:

  • ipoteka, o cümlədən güzəştli ipoteka kreditləşməsini həyata keçirir;
  • ipoteka kreditləri, o cümlədən sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlər üzrə təminatlar verir;
  • yaşayış sahələrini alır və satmaq öhdəliyi ilə kirayəyə verir;
  • “Elektron ipoteka və kredit zəmanət” sistemini təşkil edir və onun fəaliyyətini təmin edir;
  • kreditlərin anderraytinqinə və vəsaitdən təyinatına uyğun istifadəyə nəzarəti, habelə bank tərəfindən kredit reytinqi modelinin tətbiqini yoxlamaq məqsədilə qanunla müəyyən olunmuş qaydada sahibkarlıq subyektlərində monitorinqlərin aparılmasını həyata keçirir;
  • istiqrazlar emissiya edir, həmçinin ipoteka kreditləşməsi sahəsində likvidliyin təmin olunması, Fondun fəaliyyətinin inkişaf etdirilməsi, səmərəliliyinin və etibarlılığının yüksəldilməsi üçün digər formada investisiyaların cəlb olunması üzrə fəaliyyəti həyata keçirir;
  • ipoteka kreditləşməsi məsələləri üzrə məsləhət, informasiya xidmətləri və digər xidmətlər, habelə ipoteka kreditlərinin verilməsində iştirak edən banklar, sığortaçılar və qiymətləndiricilər üçün tədris proqramları həyata keçirir;
  • sahibkarlara borcların idarə edilməsi, risklərin qiymətləndirilməsi və idarə olunması sahəsində məsləhət xidmətləri göstərir.