Terminlər

1

ANNUİTET ÖDƏNİŞLƏR

İpoteka krediti üzrə borcun (kredit üzrə əsas borcun və həmin borca hesablanmış faizlərin) ödənilməsinə yönəldilmiş müntəzəm bərabər aylıq ödənişlər;

2

BORCALAN

Müvəkkil bankdan ipoteka krediti almış Azərbaycan Respublikası vətəndaşı. İpoteka krediti üzrə borcalanların sayı 3 (üç) nəfərdən artıq ola bilməz;

3

DƏBBƏ PULU

Kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən öhdəliklərini vaxtında yerinə yetirmədiyi təqdirdə borcalanın (borcalanların) müvəkkil banka ödəməli olduğu pul məbləği;

4

“ELEKTRON İPOTEKA VƏ KREDİT ZƏMANƏT” SİSTEMİ(ELEKTRON SİSTEM)

Elektron sistem Fondun Nizamnaməsində qeyd edilən vəzifələri üzrə elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim olunmasına, istifadəçilərin onlardan istifadə etməsinə, iştirakçıların elektron sistemə inteqrasiya olunmuş informasiya sistemləri və ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müvafiq sənədlər barədə informasiya əldə olunmasına xidmət edən avtomatlaşdırılmış informasiya sistemidir.

5

FAYDALANAN ŞƏXS

Sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxs

6

GƏNC AİLƏ

Yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn

7

İLKİN ÖDƏNİŞ

Yaşayış sahəsinin alınmasına yönəldilən və onun dəyəri ilə ipoteka kreditinin həcmi arasındakı fərqə bərabər olan borcalanın (borcalanların) şəxsi vəsait

8

İPOTEKA

Öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovu

9

İPOTEKANIN DÖVLƏT QEYDİYYATI

Daşınmaz əmlakın ipotekası haqqında müqavilənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması

10

İPOTEKA HÜQUQU

Borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ

11

İPOTEKA KAĞIZI

 İpoteka hüququnu təsbit edən adlı qiymətli kağız

12

İPOTEKA KAĞIZININ QANUNİ SAHİBİ

İpoteka kağızı üzərində sahiblik hüququ əldə edən şəxs

13

İPOTEKA KREDİTİ

Yaşayış sahəsi almaq üçün müvəkkil bankın verdiyi və həmin yaşayış sahəsinin ipotekası ilə təmin edilən borc

14

İPOTEKA KREDİTİNİN TƏMİNATI (İPOTEKA PREDMETİ)

Üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına və ya qabaqcadan qeydiyyata alınmış yaşayış sahəsi, o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barəsində təminat qeydi aparılmış tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu pay

15

İPOTEKA KREDİTİNİN YENİDƏN MALİYYƏLƏŞDİRİLMƏSİ

Müvəkkil bankın verdiyi ipoteka krediti üzrə tələb hüquqlarının ipoteka kağızında Fondun xeyrinə indossament qeydi aparılaraq güzəşt edilməsi

16

İPOTEKA KREDİTLƏRİ ÜZRƏ ZƏMANƏT

Borcalan tərəfindən ipoteka krediti üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində ipoteka predmetinin hərrac vasitəsilə satışından əldə edilən vəsait müvəkkil bankın ipoteka ilə təmin edilmiş tələbinin ödənilməsinə kifayət etmədikdə, yaranan fərqin (xalis zərərin) Fond tərəfindən müvəkkil banka ödənilməsi öhdəliyi

17

İPOTEKA KREDİTİ ÜZRƏ ZƏMANƏT MƏBLƏĞİ

Zəmanət müqaviləsinə uyğun olaraq Fondun müvəkkil bank (benefisiar) qarşısında pul ilə ifadə olunan öhdəliyinin yuxarı həddi

18

İPOTEKA KREDİTİ ÜZRƏ ZƏMANƏT MÜQAVİLƏSİ

İpoteka krediti üzrə zəmanət verilməsi, zəmanət haqqının ödənilməsi və zəmanət üzrə öhdəliyin icrası ilə bağlı məsələlərin tənzimlənməsinə dair Fond, müvəkkil bank və borcalan arasında bağlanan müqavilə;

19

İPOTEKA KREDİTİ ÜZRƏ ZƏMANƏT HAQQI

Zəmanətlə əlaqədar borcalanın ödəməli olduğu məbləğ

20

İPOTEKA QOYAN

İpoteka predmeti olan əşyanı girov qoyan şəxs. İpoteka qoyan həm borclu, həm də üçüncü şəxs ola bilər

21

İPOTEKA SAXLAYAN

İpoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxs, o cümlədən ipoteka kağızının qanuni sahibi;

22

KREDİTİN ANDERRAYTİNQİ

Borcalanın (borcalanların) ipoteka kreditini qaytarmaq qabiliyyətinin, habelə ipoteka qoyulan əmlakın dəyərinin və vəziyyətinin qiymətləndirilməsi prosesi

23

KREDİT DOSYESİ

Müvəkkil bank tərəfindən formalaşdırılan və ipoteka kreditinə, o cümlədən borcalanın kredit üzrə öhdəliklərinin icrasına dair məlumatları əks etdirən sənədlər toplusu

24

KREDİTƏ XİDMƏT

Fonda məxsus olan problemli ipoteka kreditləri üzrə işlərin aparılması, ipoteka ilə yüklü edilmiş əmlakın vəziyyətinin yoxlanılması, borcalanlar tərəfindən aylıq ödənişlərin və sığorta öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edilməsi və digər tədbirlərin həyata keçirilməsi sahəsində müvəkkil bank tərəfindən həyata keçirilən kompleks tədbirlər

25

KREDİT MÜQAVİLƏSİ

Müvəkkil bank və borcalan (borcalanlar) arasında yazılı şəkildə bağlanılan müqavilə. Həmin müqaviləyə uyğun olaraq müvəkkil bank borcalana (borcalanlara) ipoteka ilə təmin olunması şərti ilə yaşayış sahəsinin alınması üçün pul vəsaitlərini (ipoteka kreditini) təqdim etməli, borcalan (borcalanlar) isə aldığı pul vəsaitini və ona hesablanmış faizləri müvəkkil banka ödəməlidir

26

KREDİTİN RESTRUKTURİZASİYASI

İqtisadi və (və ya) hüquqi şəraitin dəyişməsi, habelə borclunun maliyyə çətinliyinin yaranması səbəbindən borc öhdəliyinin icrasını təmin etmək məqsədilə müqavilə şərtlərinin dəyişdirilməsi və ya həmin borcun yeni borc öhdəliyi kimi rəsmiləşdirilməsi

27

KREDİT REYESTRİ

Hüquqi və fiziki şəxslərin öhdəliklərinin icrası barədə mərkəzləşdirilmiş kredit reyestrində və (və ya) kredit bürolarında saxlanılan məlumat bazası

28

MÜVƏKKİL BANK

İpoteka krediti üzrə tələb hüquqlarının əldə edilməsinə və bununla bağlı yaranan digər münasibətlərin tənzimlənməsinə dair Fond ilə müvafiq müqavilə bağlamış bank

29

MÜVƏKKİL QİYMƏTLƏNDİRİCİ

İpoteka predmetlərinin qiymətləndirilməsi və bununla bağlı yaranan digər münasibətlərin tənzimlənməsinə dair Fond ilə əməkdaşlığa dair müqavilə bağlamış, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil qiymətləndirici

30

MÜVƏKKİL SIĞORTAÇI

İpoteka kreditləri üzrə ipoteka predmeti olan daşınmaz əmlakların və ya borcalanların ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanmasının həyata keçirilməsi üzrə Fond ilə əməkdaşlığa dair müqavilə bağlamış, qüvvədə olan qanunvericilik əsasında fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan yerli hüquqi şəxs

31

MÜVƏKKİL TƏŞKİLAT

İpoteka kreditləşməsi sahəsində Fond ilə əməkdaşlıq etmək məqsədilə müvafiq müqavilə bağlamış müvəkkil bank, müvəkkil sığortaçı və müvəkkil qiymətləndirici

32

SIĞORTALI

Sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi

33

SIĞORTA HADİSƏSİ

Sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal

34

SIĞORTA HAQQI

Risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsi ilə sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği

35

SIĞORTA MƏBLƏĞİ

 Sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi

36

SIĞORTA MÜQAVİLƏSİ

Sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma

37

SIĞORTA OLUNAN

Sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs

38

SIĞORTA ÖDƏNİŞİ

Sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası

39

YAŞAYIŞ SAHƏSİNİN ALQI-SATQI VƏ İPOTEKA MÜQAVİLƏSİ

Yaşayış sahəsinin mülkiyyətçisi (satıcı), alıcısı (borcalan) və müvəkkil bank (ipotekasaxlayan) arasında yazılı şəkildə bağlanılan və özündə yaşayış sahəsinin alqı-satqısını və ipotekasını nəzərdə tutan müqavilə.