Hal-hazirda bu xidmət hazırlanma mərhələsindədir. Qısa zaman ərzində əhalinin istifadəsinə buraxılacaq.

İpoteka krediti üzrə onlayn ödəniş

Terminlər
  1. Annuitet ödənişlər- ipoteka krediti üzrə borcun (kredit üzrə əsas borcun və həmin borca hesablanmış faizlərin) ödənilməsinə yönəldilmiş müntəzəm bərabər aylıq ödənişlər;
  2. Borcalan- müvəkkil bankdan ipoteka krediti almış Azərbaycan Respublikası vətəndaşı. İpoteka krediti üzrə borcalanların sayı 3 (üç) nəfərdən artıq ola bilməz;
  3. Dəbbə pulu- kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyi, o cümlədən öhdəliklərini vaxtında yerinə yetirmədiyi təqdirdə borcalanın (borcalanların) müvəkkil banka ödəməli olduğu pul məbləği;
  4. “Elektron ipoteka və kredit zəmanət” sistemi(elektron sistem)- Elektron sistem Fondun Nizamnaməsində qeyd edilən vəzifələri üzrə elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim olunmasına, istifadəçilərin onlardan istifadə etməsinə, iştirakçıların elektron sistemə inteqrasiya olunmuş informasiya sistemləri və ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müvafiq sənədlər barədə informasiya əldə olunmasına xidmət edən avtomatlaşdırılmış informasiya sistemidir.
  5. Faydalanan şəxs- sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxs;
  6. Gənc ailə- yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn;
  7. İlkin ödəniş- yaşayış sahəsinin alınmasına yönəldilən və onun dəyəri ilə ipoteka kreditinin həcmi arasındakı fərqə bərabər olan borcalanın (borcalanların) şəxsi vəsaiti;
  8. İpoteka- öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovu;
  9. İpotekanın dövlət qeydiyyatı- daşınmaz əmlakın ipotekası haqqında müqavilənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması;
  10. İpoteka hüququ- borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ;
  11. İpoteka kağızı- ipoteka hüququnu təsbit edən adlı qiymətli kağız;
  12. İpoteka kağızının qanuni sahibi- ipoteka kağızı üzərində sahiblik hüququ əldə edən şəxs;
  13. İpoteka krediti- yaşayış sahəsi almaq üçün müvəkkil bankın verdiyi və həmin yaşayış sahəsinin ipotekası ilə təmin edilən borc;
  14. İpoteka kreditinin təminatı (ipoteka predmeti)- üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına və ya qabaqcadan qeydiyyata alınmış yaşayış sahəsi, o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barəsində təminat qeydi aparılmış tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu pay;
  15. İpoteka kreditinin yenidən maliyyələşdirilməsi- müvəkkil bankın verdiyi ipoteka krediti üzrə tələb hüquqlarının ipoteka kağızında Fondun xeyrinə indossament qeydi aparılaraq güzəşt edilməsi;
  16. İpoteka kreditləri üzrə zəmanət – borcalan tərəfindən ipoteka krediti üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində ipoteka predmetinin hərrac vasitəsilə satışından əldə edilən vəsait müvəkkil bankın ipoteka ilə təmin edilmiş tələbinin ödənilməsinə kifayət etmədikdə, yaranan fərqin (xalis zərərin) Fond tərəfindən müvəkkil banka ödənilməsi öhdəliyi;
  17. İpoteka krediti üzrə zəmanət məbləği– zəmanət müqaviləsinə uyğun olaraq Fondun müvəkkil bank (benefisiar) qarşısında pul ilə ifadə olunan öhdəliyinin yuxarı həddi;
  18. İpoteka krediti üzrə zəmanət müqaviləsi – ipoteka krediti üzrə zəmanət verilməsi, zəmanət haqqının ödənilməsi və zəmanət üzrə öhdəliyin icrası ilə bağlı məsələlərin tənzimlənməsinə dair Fond, müvəkkil bank və borcalan arasında bağlanan müqavilə;
  19. İpoteka krediti üzrə zəmanət haqqı– zəmanətlə əlaqədar borcalanın ödəməli olduğu məbləğ;
  20. İpoteka qoyan- ipoteka predmeti olan əşyanı girov qoyan şəxs. İpoteka qoyan həm borclu, həm də üçüncü şəxs ola bilər;
  21. İpoteka müqaviləsi- əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqd;
  22. İpoteka saxlayan- ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxs, o cümlədən ipoteka kağızının qanuni sahibi;
  23. Kreditin anderraytinqi- borcalanın (borcalanların) ipoteka kreditini qaytarmaq qabiliyyətinin, habelə ipoteka qoyulan əmlakın dəyərinin və vəziyyətinin qiymətləndirilməsi prosesi; 
  24. Kredit dosyesi- müvəkkil bank tərəfindən formalaşdırılan və ipoteka kreditinə, o cümlədən borcalanın kredit üzrə öhdəliklərinin icrasına dair məlumatları əks etdirən sənədlər toplusu; 
  25. Kreditə xidmət- Fonda məxsus olan problemli ipoteka kreditləri üzrə işlərin aparılması, ipoteka ilə yüklü edilmiş əmlakın vəziyyətinin yoxlanılması, borcalanlar tərəfindən aylıq ödənişlərin və sığorta öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edilməsi və digər tədbirlərin həyata keçirilməsi sahəsində müvəkkil bank tərəfindən həyata keçirilən kompleks tədbirlər;
  26. Kredit müqaviləsi- müvəkkil bank və borcalan (borcalanlar) arasında yazılı şəkildə bağlanılan müqavilə. Həmin müqaviləyə uyğun olaraq müvəkkil bank borcalana (borcalanlara) ipoteka ilə təmin olunması şərti ilə yaşayış sahəsinin alınması üçün pul vəsaitlərini (ipoteka kreditini) təqdim etməli, borcalan (borcalanlar) isə aldığı pul vəsaitini və ona hesablanmış faizləri müvəkkil banka ödəməlidir; 
  27. Kreditin restrukturizasiyası – iqtisadi və (və ya) hüquqi şəraitin dəyişməsi, habelə borclunun maliyyə çətinliyinin yaranması səbəbindən borc öhdəliyinin icrasını təmin etmək məqsədilə müqavilə şərtlərinin dəyişdirilməsi və ya həmin borcun yeni borc öhdəliyi kimi rəsmiləşdirilməsi;
  28. Kredit reyestri– hüquqi və fiziki şəxslərin öhdəliklərinin icrası barədə mərkəzləşdirilmiş kredit reyestrində və (və ya) kredit bürolarında saxlanılan məlumat bazası;
  29. Müvəkkil bank- ipoteka krediti üzrə tələb hüquqlarının əldə edilməsinə və bununla bağlı yaranan digər münasibətlərin tənzimlənməsinə dair Fond ilə müvafiq müqavilə bağlamış bank;
  30. Müvəkkil qiymətləndirici- ipoteka predmetlərinin qiymətləndirilməsi və bununla bağlı yaranan digər münasibətlərin tənzimlənməsinə dair Fond ilə əməkdaşlığa dair müqavilə bağlamış, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil qiymətləndirici;
  31. Müvəkkil sığortaçı- ipoteka kreditləri üzrə ipoteka predmeti olan daşınmaz əmlakların və ya borcalanların ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanmasının həyata keçirilməsi üzrə Fond ilə əməkdaşlığa dair müqavilə bağlamış, qüvvədə olan qanunvericilik əsasında fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan yerli hüquqi şəxs;
  32. Müvəkkil təşkilat - ipoteka kreditləşməsi sahəsində Cəmiyyəti ilə əməkdaşlıq etmək məqsədilə müvafiq müqavilə bağlamış müvəkkil bank, müvəkkil sığortaçı və müvəkkil qiymətləndirici;
  33. Sığortalı- sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi;
  34. Sığorta hadisəsi- sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
  35. Sığorta haqqı - risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsi ilə sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
  36. Sığorta məbləği- sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
  37. Sığorta müqaviləsi- sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;
  38. Sığorta olunan- sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs;
  39. Sığorta ödənişi- sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
  40. Yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsi- yaşayış sahəsinin mülkiyyətçisi (satıcı), alıcısı (borcalan) və müvəkkil bank (ipotekasaxlayan) arasında yazılı şəkildə bağlanılan və özündə yaşayış sahəsinin alqı-satqısını və ipotekasını nəzərdə tutan müqavilə.

 

İpoteka götürənlərİn sayı
2
3
1
0
1
Verilmiş ipoteka kreditləri üzrə məbləğ
1 073 205 312 keçib.
Müvəkkil təşkilatlar